Amerika cökəsi
Amerika cökəsi (lat. Tilia americana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 20-35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir.